Beynəlxalq əməkdaşlıq

Benefisiar sahiblik məlumatlarının açıqlanması
Benefisiar sahibliyin beynəlxalq tərifi: hüquqi şəxs üzərində sahibliyi olan, ondan yararlanan, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində təsirə malik olan fiziki şəxs deməkdir.

Benefisiar sahiblikdə şəffaflığın tarixi
Şirkətlərə və digər hüquqi şəxslərə sahiblk və ya nəzarət edən şəxslər barədə məlumat əksikliyi vergidən yayınma, çirkli pulların yuyulması, inkişaf etməkdə olan, həmçinin təbii ehtiyatlarla zəngin ölkələrdən pul vəsaitlərinin qeyri-qanuni axını üçün əlverişli mühit yaradır. Bunu nəzərə alaraq, Böyük Səkkizlik ölkələrinin rəhbərləri 2013-cü ilin may ayında keçirilən sammitində benefisiar sahiblərin gizlədilməsi probleminə qarşı tədbirlər görəcəklərini bildirmiş, müvafiq qərarlar qəbul etmişlər. O vaxtdan etibarən şirkətlərə və digər hüquqi şəxslərə kimin sahib olması və yararlanması, onların benefisiar sahiblərinin ölkələrin mərkəzi qeydiyyat sistemlərində icbari şəkildə qeydiyyat keçmələri istiqamətində qlobal hərəkat yüksəlmişdir.
Böyük Səkkizliyin 2013-cü il sammitindən sonra FATF – Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (MTİQ) şəffaflıq və benefiiar sahibliklə bağlı göstərişlərini dərc etmişdir. 2014-cü ildə Böyük İyirmilik ölkələri Brizban sammitində benefisiar sahiblik məlumatlarının toplanması barədə Yüksək Səviyyəli Prinsipləri razılaşdırmışdır. 2015-ci ildə isə Avropa İttifaqı “Çirkli pulların yuyulması ilə bağlı dördüncü direktivini” qəbul edir. Ən son bu təşəbbüsü Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) öz standartlarında sərtləşdirmişdir.

Azərbaycan və MHŞT
MHŞT tətbiqini tənzimləyən əsas sənəd olan Standartın tələblərinə əsasən 2017-ci ilin 1 yanvar tarixinə qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması üçün görülməli olan tədbirləri özündə ehtiva edən Yol Xəritəsi hazırlamalı və dərc etməli idilər. Həmçinin həmin tələblərə əsasən 1 yanvar 2020-ci il tarixindən etibarən tətbiq edən ölkələrdən illik MHŞT Hesabatlarına daxil edilməsi məqsədilə benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatları açıqlamaq tələb olunur.
Azərbaycan 9 mart 2017-ci ilə qədər MHŞT-nin üzvü olmuş və MHŞT Standartının tələblərinə layiqinc cavab vermişdir. MHŞT-nin Azərbaycanda tətbiqini həyata keçirən qurum olan Çoxtərəfli Qrup 2016-cı ildə Yol Xəritəsini hazırlamaq üçün xarici hüquq şirkəti cəlb etmiş və şirkət Azərbaycanın mədən sənayesində benefisiar sahibliyin açıqlanması üzrə qabaqcıl beynəlxalq təcrübəyə və MHŞT-nin tövsiyələrinə əsaslanan, özündə görüləcək tədbirləri və vaxt cədvəlini ehtiva edən Yol Xəritəsini hazırlamışdır. Çoxtərəfli Qrup 20 dekabr 2016-cı il tarixində Yol Xəritəsini təsdiqləmiş və dərc etmişdir.
2017-ci ilin 9 mart tarixində MHŞT üzrə beynəlxalq idarə heyətinin qərarına əsasən Azərbaycanın MHŞT-də üzvlüyü dayandırılmışdır. MHŞT-nin öz ilkin mandatından uzaqlaşdığı və ölkələrlə münasibətdə ikili standartlar tətbiq olunduğu üçün Azərbaycan hökuməti bu qərarı qərəzli və ədalətsiz hesab edərək MHŞT-dən könüllü çıxdığını elan etmişdir.

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq sahəsində yeni dövr
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəklədiyini və beynəlxalq standartların ölkədə tətbiqini davam etdirmək əzmində olduğunu bəyan etdi. Fərmana əsasən Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya yaradılmışdır. Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov təyin edilmiş, habelə Katiblik funksiyası Dövlət Neft Fonduna həvalə edilmişdir.

HSŞ Komissiyası öz fəaliyyətində Fərmanda göstərilmiş şəffaflıq üzrə beynəlxalq prinsipləri əsas götürür.

Asiya İnkişaf Bankı ilə Benefisiar Sahiblik məlumatlarının açıqlanması layihəsi üzrə əməkdaşlıq

Azərbaycanın MHŞT-ni tərk etməsindən dərhal sonra yeni yaradılmış HSŞ Komissiyası Asiya İnkişaf Bankı ilə Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması layihəsinin həyata keçirilməsi məqsədilə texniki yardım göstərilməsi üzrə danışıqlara başlamış və müvafiq razılıq əldə olunmuşdur. Belə ki, danışıqların nəticəsi olaraq HSŞ Komissiyasının sədri və Asiya İnkişaf Bankının
missiya rəhbəri 2017-ci ilin 14 sentyabr tarixində “Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarını açıqlanmasına dair Yol Xəritəsinin icrasını dəstəkləmək məqsədilə texniki tapşırıq” sənədini imzalayaraq təsdiq etmişlər.

20 avqust 2018-ci il tarixində BDO Azərbaycan və Michael Barron Consulting şirkətləri tərəfindən Azərbaycanda Hasilat Sənayesində Benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqinə dəstəyi üzrə İlkin Hesabat  hazırlanmışdır. 

2 oktyabr 2018-ci il tarixində BDO Azərbaycan və Michael Barron Consulting şirkətləri tərəfindən  “Benefisiar sahiblik məlumatlarının açıqlanması sistemləri barədə qabaqcıl beynəlxalq təcrübə” adlı ikinci hesabat hazırlanmışdır. 

Məsləhətçilər tərəfindən 28 noyabr 2018-ci il tarixində layihə üzrə “Benefisiar Sahiblik Tərifinin Layihəsi” adlı üçüncü hesabat təqdim edilmişdir.

Məsləhətçilər tərəfindən benefisiar sahibliyin tərifinə dair “Məsləhətləşmə sənədi” hazırlanmışdır. Məsləhətləşmə sənədi Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının sədrinin məktubu ilə müşayiət olunur.

Məktubda da qeyd edildiyi kimi, məsləhətləşmə sənədinin əlavəsi olan “Benefisiar sahibliyin tərifi layihəsi barədə SORĞU ANKETİ”ni 25 yanvar 2019-cu il tarixinədək maraqlı tərəflər tərəfindən tamamlanaraq bbayramov@oilfund.az elektron poçt ünvanına (surəti beneficialownership@bdo.az elektron poçt ünvanına) göndərilməlidir. Sorğu anketinin “adobe acrobat” proqramı ilə tamamlanması məsləhət görülür.

28 iyun 2018-ci il tarixli Azərbaycanda Hasilat Sənayesində Benefisiar Sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqinə dəstək üçün Sual-Cavab Cədvəli

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019