HSŞ Komissiyasının fəaliyyəti

 
Hasilat sənayesi gəlirlərinin səmərəli idarə edilməsində, bu sahədə davamlı və uzunmüddətli şəffaflıq mexanizmlərinin qurulması, habelə yüksək hesabatlılığın təmin edilməsi əhəmiyyətli rola malikdir. Xüsusilə, faydalı qazıntılarla zəngin ölkələrdə dövlət gəlirlərinin böyük həcmini hasilat sənayesindən əldə edilən gəlirlər təşkil etdiyindən bu ölkələrdə hasilat gəlirlərinin şəffaflığı və hesabatlılığı sahəsində müvafiq mexanizmlərin gücləndirilməsi, institusional strukturların beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi zəruridir.
“Azərbaycan Respublikasında müasir dövlət idarəçiliyi sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amillər olan şəffaflığın və hesabatlılığın artırılmasına daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə edilmiş, eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş açıqlığın təmin edilməsi, ictimai iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri bu gün də davam etdirilməkdədir.
Şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilir.
Azərbaycan hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək, “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olmuş və bu sahədə hesabatları mütəmadi dərc etmişdir. Mədən sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülmüşdür”.
Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəklədiyini və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmində olduğunu dəfələrlə bəyan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin 5 aprel tarixində imzaladığı “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman bu bəyanatların məntiqi davamı olmuşdur. Fərman beynəlxalq əsaslar və standartların davam etdirilməsini nəzərdə tutaraq maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi əks etdirmişdir. Fərmana əsasən hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır.

Paylaş:

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır. Komissiya beynəlxalq prinsiplər əsasında ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini həyata keçirir və hasilat şirkətləri, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

(+99412) 498 77 53

Heydər Əliyev prospekti 165, Bakı AZ1029, Azərbaycan Respublikası

Copyright © 2019